Battlefield komandası X platformasında paylaşdığı “community update”də Battlefield 6 üçün nəzərdə tutulan yeni sinif sistemi barədə ilk detalları açıqlayıb. Hazırda Battlefield Labs daxilində test mərhələsində olan sistem, siniflərin fərdiyyətini və komanda işini ön plana çıxarır.
Oyunçular siniflərini iki əsas istiqamətdə formalaşdıra biləcəklər — fərdiləşdirilən elementlər (silahlar, qadcetlər və təlim) və sinifi müəyyən edən əsas xüsusiyyətlər (spesifik silah, xüsusi qabiliyyət və xüsusi qadcet). Məqsəd hər sinifi fərqli və komanda üçün əvəzolunmaz bir hissəyə çevirməkdir.

Postda qeyd olunur ki, dəyişikliklər oyunçuların rəylərinə əsasən aparılır. Battlefield Labs bu sistemin balansı, inkişaf tempi və rola uyğun effektivliyini təkmilləşdirmək üçün oyunçuların hər bir elementlə bağlı fikirlərini diqqətlə nəzərdən keçirir və tətbiq edir.
Yeni təqdim edilən “Təlim” sistemi, oyunçulara mərhələli bonuslar və aktivləşdirilə bilən xüsusi qabiliyyətlər təqdim edir. Bundan başqa, hər sinifin əsas rolu onun xüsusi qabiliyyəti və qadcetləri ilə gücləndirilir — məsələn, Assault üçün yüksək hərəkətlilik və Recon üçün avtomatik düşmən aşkarlama.

Komanda bildirib ki, Adrenaline Injector kimi imkanlar və həmişə balansdan kənar qalan digər təchizatlarla bağlı oyunçuların iradları nəzərə alınıb. Hətta əvvəlki test mərhələlərində sınaqdan keçirilən ballistik zireh funksiyası ümumiyyətlə oyundan çıxarılıb.
“Battlefield 6″nın tərtibatı davam edir. Komanda oyunçuları Battlefield Labs platformasına qoşulmağa və seriyanın gələcəyinin formalaşmasında iştirak etməyə dəvət edir.