Twitter-in həmtəsisçisi və “Block”un CEO-su Cek Dorsi özünün yeni mesajlaşma tətbiqi olan “BitChat”i rəsmi şəkildə “App Store”da istifadəyə verib. TestFlight üzərindən keçirilən qısa beta mərhələsindən sonra tətbiq artıq bütün uyğun bölgələrdə yükləməyə açıqdır.
BitChat nədir?
BitChat internetə ehtiyac olmadan, yalnız Bluetooth bağlantısı üzərindən oflayn mesajlaşmanı təmin edir. Qeydiyyat, hesab və ya giriş tələb etmir. Sadəcə tətbiqi açın, ad seçin və 100 metr məsafədə olan istənilən istifadəçi ilə ünsiyyət qurun.
Bu layihə Dorsey tərəfindən “Block”un süni intellekt köməkçisi Goose vasitəsilə cəmi bir həftəsonu ərzində hazırlanıb. Növbəti günə isə şəxsi mesajlaşma və şifrələnmə ilə qorunan kanallar kimi funksiyalar əlavə olunub.

Gizlilik və təhlükəsizlik ön plandadır
BitChat tamamilə şəxsi istifadə üçün hazırlanıb məlumatlar şifrələnir (Curve25519 + AES-GCM), saxta trafik, vaxt gizlədilməsi, “panik rejimi” (üç dəfə toxunmaqla məlumatların silinməsi) və serverdə heç bir məlumat saxlanılmır.
Buna baxmayaraq artıq təhlükəsizliklə bağlı çatışmazlıqlar aşkar olunub. Tədqiqatçı Alex Radocea istifadəçi saxtalaşdırmasına imkan verən zəifliyi aşkarlayıb. Dorsi isə xəbərdarlıq edib ki, “BitChat” hələ müstəqil təhlükəsizlik auditi keçməyib və həssas məlumatlar üçün istifadə olunmamalıdır.

Harada istifadə etmək olar?
Tətbiq internetin olmadığı və ya zəif olduğu təbii fəlakətlər, etiraz aksiyaları, festivallar və səyyahlar üçün ideal seçimdir. Hazırda iOS versiyasında Android cihazlara mesaj göndərməyə imkan verməyən bir xəta var, lakin düzəliş olunmuş versiya artıq “Apple”a göndərilib.
BitChat anonimlik və müstəqil ünsiyyətə üstünlük verənlər üçün cəlbedici bir həll təqdim edir, lakin tam təhlükəsizlik üçün hələlik test mərhələsindədir.