Bloober Team studiyası yeni qorxu oyunu Cronos: The New Dawn üçün 10 dəqiqəlik gəmpley treylerini təqdim edib. Layers of Fear, Blair Witch, The Medium və Silent Hill 2 Remake kimi layihələrlə tanınan Polşa komandası bu dəfə də psixoloji qorxu elementlərinə əsaslanır.
Oyun 2021-ci ildən hazırlanır və bu il ərzində buraxılması planlaşdırılır, dəqiq tarix isə hələ açıqlanmayıb. Treyler vizual baxımdan keyfiyyətli görünür və oyunun atmosferini izləyiciyə çatdırmağı bacarır.
Cronos: The New Dawn süjetində oyunçu “Kollektiv” adlı müəmmalı təşkilatın agenti olan Səyyah rolunu oynayır. Missiyası: distopik gələcəkdə sağ qalmaq və zamanla geriyə — 1980-ci illərin Polşasına gedərək, “Dəyişiklik” adlı fəlakət nəticəsində qorxunc varlıqlara dönüşmüş insanların bir qismini xilas etməkdir.
Bloober Team qorxu janrında peşəkar yanaşmasını bu layihədə də göstərməyə çalışır. Daha ətraflı məlumat və digər videomateriallar üçün oyunun rəsmi Steam səhifəsinə və YouTube kanalına baxa bilərsiniz.