Helldivers 2 2025-ci ildə
2025-ci ildə Helldivers 2 oynamağa dəyərmi?
GAME REVIEWS
1/11/20253 dəqiqə oxu
2025-ci ildə Helldivers 2 oynamağa dəyərmi?
Gəlin keçək əsas mətləbə. Oyunu oynamağa dəyərmi? Sözsüz ki! Bəs hazırda oyuna rahatlıqla daxil olmaq mümkündürmü? Bu sualın cavabı tamamilə başqa mövzudur.
"Sony"nin regional məhdudiyyətləri səbəbindən bir çox oyunçu oynamaq imkanından məhrum olub. Bəziləri hətta bu məhdudiyyətlərdən sonra "Steam"də oyun üçün ödənişləri geri tələb etdi. Oyunu qaytardıqdan sonra isə, artıq yenidən ala bilmədilər. Daha sonra, Sony məhdudiyyətləri yüngülləşdirdi və artıq "PSN"ə qoşulmaq zəruri deyil. Əgər oyunu qaytarmayıb, kitabxananızda saxlamısınızsa, təbrik edirəm—demokratiya məhdudlaşdıran güllələr sizdən yan keçib. Oyunu geri qaytaranlar üçün isə tezliklə bu vəziyyətin düzələcəyini arzu edirəm.
Mən oyunu qaytarmayan şanslılardan biriyəm və sizə deyim ki, oyun çox əyləncəlidir! Komanda yönümlü oyun olmasına baxmayaraq, demokratiyanı yaymağa hazır olan oyun yoldaşlarını asanlıqla tapmaq olur.
Hazırkı oyunçu ehtiyatı
Hal-hazırda oyunda 70-80 min aktiv oyunçu var. Buna görə oyun tərtibatçılarına ayrıca təşəkkür düşür. Onların yeniləmələri oyuna daim maraq qatır. Son əsas yeniləmələrdən biri ilə İllüminatlar irqi oyuna əlavə olundu və oyunçu sayı bir gecədə ikiqat artdı. Yeniləmədən sonra oyunda eyni anda 200,000 oyunçu var idi. Əlbəttə, oyun tarixi rekordunu yeniləməsə də, bu özü də möhtəşəm bir göstəricidir.
Niyə insanlar "Helldivers 2"ni bəyənir?
Bu oyunu kooperativ şuter janrının əfsanələrindən biri edən nədir? Mənim üçün bunlar aşağıdakı altı göstəricidir:
Toksik olmayan və həmrəy oyun icması
Geniş silah arsenalı
Kinoya bənzər və epik oyun səhnələri
Tərtibatçılar tərəfindən aktiv oyun dəstəyi
Oyun prosesinə təsir etməyən mikrotranzaksiyalar
Yüksək çətinlik səviyyələrində missiyalar
Və əlbəttə ki, əsas səbəbi - Demokratiya!
Çatışmazlıqlar
Oyunda kifayət qədər xırda, orta və ciddi səviyyəli baqlar var. Baqların böyük əksəriyyəti oyunun buraxılış günündən bəri aradan qaldırılmayıb. Özü də sözü gedən baqlar 1-2 patç ilə düzələcək bir şeyə bənzəmir. Oyun mühərriki səviyyəsində olan baqlardan söhbət gedir.
Buna baxmayaraq, oyun tərtibatçlıarı aktiv şəkildə bu səhvləri aradan qaldırmağa çalışırlar. Buna görə də oyun buraxıldığı gündən etibarən çox inkişaf edib. Əvvəllər silah və stratagemlərin düzgün balanslaşdırılmaması oyundan həzz almağa mane olurdu. Tədricən oyuna əlavə olunan yeniləmələrlə balansı düzəltməyə başladılar. İndiki versiyada oyunu oynamaq artıq bir zövqdür.
Oyun mexanikası və qeympleyi
Helldivers 2 ilə tanış olmayanlar üçün qısa icmal: Helldivers 2 kooperativ rejimli oyundur. Oyunda hadisələr Super Yer kürəsi və onun ətrafında olan onlarla planetdə cərəyan edir. 4 oyunçu bir komanda şəklində müxtəlif planetlərə enərək orada yadplanetli həşəratlarla, robotlarla və ya illüminatlarla mübarizə aparırlar. Hər missiya özündə əsas və əlavə tapşırıqları ehtiva edir. Tapşırıqların sayı və qazanılan EXP çətinlik səviyyəsindən asılıdır. Ümumilikdə 10 çətinlik səviyyəsi mövcuddur (əvvəllər 9 idi). Çətinlik nə qədər yüksəkdirsə, mükafat da bir o qədər yaxşıdır.
Silahlar və zirehlər
Oyundakı silah arsenalı çox genişdir. Oyunçular əsas, ikinci dərəcəli və əlavə silahlardan istifadə edə bilərlər. Əlavə silahlar isə strategemlər vasitəsilə əldə olunur. Bütün silahlar döyüşdə olduqca effektivdir.
Amma təəssüf ki, zirehlər haqqında bunu demək olmur. Ümumiyyətlə, zirehlərin passiv xüsusiyyətləri oyun prosesinə çox az təsir edir. Oyunda üç növ zireh mövcuddur: ağır, orta və yüngül. Ağır zireh daha yaxşı müdafiə edir, lakin hərəkəti yavaşladır. Yüngül zireh isə sürətli hərəkət imkanı yaradır, lakin müdafiəsi zəifdir. Mənim fikrimcə, ən maraqsız zireh orta zirehdir, çünki döyüşdə heç bir ciddi üstünlük vermir.
Mikrotranzaksiyalar və BP
Super kreditlər — oyundaxili valyutadır. Onları həm oyun prosesində, həm də real pul ilə əldə etmək olar. Sevindirici haldır ki, oyun super kreditləri əldə etmək üçün kifayət qədər imkan yaradır və lazım olan məbləği tez bir zamanda sadəcə oynamaqla da toplamaq mümkündür.
Mənim təcrübəm
Uzun fasilədən sonra "Helldivers 2"yə qayıtdım və indi bu oyunu oynamaqdan çox zövq alıram! Videonu çəkdiyim anda oyunçum 105-ci səviyyədədir. Oyun hazırda əvvəlki dövrlərlə müqayisədə daha əyləncəlidir!