Discord öz yeni virtual valyutası “Orbs”u təqdim edib. İstifadəçilər onu PC üçün tətbiqdə müxtəlif kvestləri yerinə yetirməklə qazana və xüsusi mağazada müxtəlif bonuslara xərcləyə biləcəklər.
Orbs qazanmaq üçün “Discover” bölməsindəki “Quests” tabına daxil olaraq mövcud kvestləri seçmək lazımdır. Şərtləri yerinə yetirdikdən sonra “Mükafatı Al” düyməsini klikləyin və Orbs hesabınıza əlavə olunacaq. Kvestlər mütəmadi olaraq yenilənir, ona görə də maraqlı təklif görməsəniz, bir az sonra yenidən yoxlaya bilərsiniz.

Topladığınız Orbsları mağazada yerləşən “Orbs Exclusive” bölməsində xərcləyə bilərsiniz. Burada eksklüziv profil bəzəkləri, xüsusi avatar dekorasiyaları, ad lövhələri, vizual effektlər və hətta 3 günlük Nitro krediti əldə etmək mümkündür. Bütün bunlar real pul xərcləmədən və ödəniş üsulu əlavə etmədən əldə olunur. Orbs ilə alınan əşyalar hesabınıza bağlanır və bütün platformalarda istifadə edilə bilər.

Onu da qeyd etmək istərdim ki, Orbsları bəzi məhsullar kateqoriyasına xərcləmək olmaz. Məsələn, tərəfdaş brendli məhsullar, digər istifadəçilərə hədiyyələr, təkrarlanan Nitro abunəlikləri və “server boost” xidmətləri üçün Orbs istifadə edilə bilməz.
“Discord”un verdiyi məlumata görə, Orbs istifadəçilərin kvestlərdə iştirakını həvəsləndirmək və profillərini pul ödəmədən fərdiləşdirmək üçün nəzərdə tutulub. Başlamaq üçün sadə bir giriş kvestini keçib dərhal ilk Orbs-larınızı qazana və yeni bir profil nişanı əldə edə bilərsiniz.
